Prezidentliyə namizəd İlqar Məmmədova qarşı həbs qətimkan tədbirinin uzadılması haqqında Respublikaçı Alternativ Hərəkatının Bəyanatı

2013-cü ilin may ayının 15-də Azərbaycan hakimiyyəti REAL hərəkatının sədri və 2013-cü il oktyabrın 16-a planlaşdırılan seçkilərdə prezidentliyə namizədi İlqar Məmmədovun həbs müddətini 3 ay daha uzatdı. 4 fevral 2013-cü ildə uydurma ittihamlar ilə həbs olunmuş İlqar Məmmədov artıq 4 aya yaxındır ki, dəmir barmaqlıqlar arxasındadır.

İlqar Məmmədovun həbs edilməsinə və ona qarşı fiziki hücumlara dair açıq çağırışlar hələ 2012-ci ilin noyabr ayından etibarən oyuncaq parlamentin bir çox üzvləri tərəfindən səsləndirilmişdir. Həmin zaman AB komissarı Nelli Kroes İlqar Məmmədova qarşı təhdidləri sərt şəkildə tənqid etmişdi.

Lakin hakimiyyət onu həbs etmək üçün ələ düşən ilk fürsətdən istifadə edərək İsmayıllı şəhərindəki toqquşmalardan 10 gün sonra onu həbs etdi. Belə ki, o, idarəetmə sistemində mövcud olan böhranın əsl səbəbləri barədə mülahizələri yayımlamış və korrupsiya ilə bağlı dəlillərlə onları əsaslandırmışdı. Hakimiyyət İlqar Məmmədovu yanvar ayının 24-ü gündüz vaxtı İsmayıllıya post-factum müşahidə səfərini uydurma ittihamların quraşdırılmasında istinad nöqtəsi kimi istifadə etdi.

Aprelin sonunda, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovun şikayətinə üstünlük verdiyi qərarından bir neçə gün sonra hakimiyyət ona qarşı yeni və daha ağır ittihamlar irəli sürdü və beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsində işi uzadaraq seçkilərdən əvvəl və ya sonra 2013-cü il ərzində onun azad edilməsini mümkünsüz etdi. İlk ittihamda 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərdisə, indi potensial olaraq bu müddət 12 il azadlıqdan məhrumetmə cəzası ilə üz-üzədir.

Həbs müddətinin uzadılması ilə Azərbaycan hakimiyyəti aşağıdakılara meydan oxuyur:

1) AB Ali Nümayəndəsi Ketrin Eştonun İlqar Məmmədova qarşı ittihamların "sürətli, ədalətli, şəffaf və müstəqil araşdırmasını təmin etməyə” dair 9 fevral tarixli çağırışına;

2) Avropa Şurasının Baş katibi Torbyörn Yaqlandın 3 may tarixli bəyanatında təkrarladığı İlqar Məmmədovun azad edilməsi çağırışlarına.

Azərbaycana səfərləri zamanı ABŞ Dövlət Katibinin müavinin yardımçısı Tomas Melia və AB komissarı Stefan Füle də Azərbaycan Prezidentini seçkilərə qədər İlqar Məmmədovu azad etməyə çağırdı.

Həbsin özü və uzun müddət davam edən həbs qətimkan tədbiri İlqar Məmmədovun prezident seçkilərində rəsmi olaraq namizədliyinin irəli sürülməsi üçün təşkilati imkanları məhdudlaşdırsa da, Respublikaçı Alternativ Hərəkatı bu yöndə bütün səylərini davam etdirəcək.

İlqar Məmmədovun 42 yaşı var. REAL Hərəkatında seçildiyi vəzifədən əlavə, o, Gəlirlərə Nəzarət İnstitutunun (Nyu York) Məsləhət Şurasının üzvü, ABŞ-ın Marşal Fondunun Məsləhət Şurasının üzvü (Buxarest) və Avropa Şurasının nəzdində fəaliyyət göstərən siyasi təlimlər proqramının rəhbəridir.

Bakı şəhəri,
15.05.2013